“3 oktyabr 1993-cü il; - Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın taleyində dönüş nöqtəsidir” mövzusunda tədbir keçirilib

”Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov tədbiri giriş sözü ilə açaraq tarixi günün əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi yolundakı əvəzsiz xidmətlərindən bəhs edib.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Leyla Əhmədova çıxış edərək Ulu Öndərin həyatı və zəngin siyasi irsindən, xalqımız və dövlətçiliyimiz uğrunda gördüyü misilsiz işlərdən danışıblar.
Çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin xalqı və dövləti yolundakı xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. O Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişafı ilə bağlı mühüm addımlar atıb.
Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini tutması məhz Heydər Əliyev ideyalarının yaşamasının, onun siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu dayanıqlı inkişaf siyasəti nəticəsində Azərbaycan bu gün böyük inkişaf və zəfər yolu keçib. Xalqımız qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
Tədbirin davamında Heydər Əliyev adına tam orta məktəbin şagirdləri qiraət etdikləri şeirlərlə Ümummilli Lider Heydər Əliyevə və Vətənimiz Azərbaycana öz məhəbbətlərini ifadə ediblər.