1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Xalq qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Belə bir həssas zamanda Azərbaycan xalqı siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvəndiyi Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Beləliklə dahi şəxsiyyətin rəhbərliyi ilə ölkə qarşısında duran mühüm vəzifələrin ardıcıl şəkildə həllinə başlanıldı. Bu qayıdış xalqın dövlətçilik iradəsinin ifadəsi olmaqla, müstəqil Azərbaycanın gələcək inkişafının mühüm siyasi əsaslarını formalaşdırdı. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq səsverməsində Ulu Öndər Heydər Əliyev 98,84 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi qərar dövlətçiliyimizin xilası, sabitliyin bərqərar olması və gələcək uğurların əsası oldu.
Prezident seçildikdən sonra dahi rəhbərin qarşısında dayanan əsas məsələlərdən biri dövlət idarəçiliyinin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafının fundamental əsaslarının yaradılması idi. Ulu Öndər dövlətçiliyi yalnız siyasi idarəçilik anlayışı kimi deyil, milli varlığın, xalqın təhlükəsizliyinin və gələcək nəsillərin rifahının təminatı kimi qiymətləndirirdi.
Onun rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycanın hüquqi, siyasi və iqtisadi inkişafı üçün mühüm əsaslar formalaşdırıldı. Dövlət institutlarının möhkəmləndirilməsi, milli iqtisadiyyatın inkişafı, beynəlxalq münasibətlərin genişləndirilməsi və hüquqi dövlət prinsiplərinin təkmilləşdirilməsi müstəqilliyin möhkəmləndirilməsi prosesinin mühüm istiqamətlərinə çevrildi.
Beləliklə onun uzaqgörənliyi, qətiyyəti və xalqına olan sədaqəti nəticəsində Azərbaycan dövlətçiliyi qorundu, müstəqillik möhkəmləndi və inkişafın təməli qoyuldu. Ulu Öndərin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qalib Azərbaycan regionun ən güclü, dünyada mövqeyi qəbul edilən ölkədir.
Öz həyatını xalqının və dövlətinin uğurlu gələcəyinə həsr etmiş Ümummilli Lider demişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”