1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Xalq qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Belə bir həssas zamanda Azərbaycan xalqı siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvənərək, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq səsverməsində Heydər Əliyevi Prezident seçdi. Bu tarixi qərar dövlətçiliyimizin xilası, sabitliyin bərqərar olması və gələcək uğurların əsası oldu.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra Azərbaycanda bir çox mühüm addımlar atılmış, qanunsuz silahlı birləşmələr ləğv edilmiş, Konstitusiya quruluşu bərpa edilərək hüquqi islahatlara start verilmişdir. Onun hakimiyyəti dövründə Azərbaycanda dövlətçiliyin əsasları möhkəmləndirildi, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyi gücləndi, neft strategiyası formalaşdırıldı və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanaraq ölkənin iqtisadi inkişafına yeni nəfəs verildi. Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə dərin islahatlar həyata keçirildi. Bundan başqa, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı və gələcəyə yol açan müdrik rəhbər olmuşdur. Onun uzaqgörənliyi, qətiyyəti və xalqına olan sədaqəti nəticəsində Azərbaycan dövlətçiliyi qorundu, müstəqillik möhkəmləndi və inkişafın təməli qoyuldu. Onun uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Bu gün Azərbaycan Respublikasının müstəqil, güclü və suveren dövlət kimi mövcudluğu, beynəlxalq aləmdə nüfuz qazanması məhz 3 oktyabr 1993-cü il tarixində atılan möhkəm təmələ əsaslanır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qalib Azərbaycan regionun ən güclü ölkəsi, dünyada mövqeyi qəbul edilən, sözünün siyasi çəkisi olan bir dövlətdir.
Öz həyatını xalqının və dövlətinin uğurlu gələcəyi üçün həsr etmiş Ümummilli Lider 2001-ci ilin 17 oktyabr tarixində Respublika sarayında Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı demişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”