24 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin İngilis dili Təmayüllü Gimnaziyasında “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Naxçıvan Dövlət Universitetinin İngilis dili Təmayüllü Gimnaziyasının direktoru Nazim Rəhimov açaraq tədbirin əhəmiyyətindən və ölkəmizdə şəhid adına göstərilən ehtiramdan bəhs edib. Bildirib ki, hazırda Gimnaziyada dörd şəhid övladı dövlət hesabına təhsil alır və bu da dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğının nümunəsi olaraq xüsusi əhəmiyyət daşıyır.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazdılar. Qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr vuran cəsur Vətən övladları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoydular. İcra hakimiyyəti başçısının müavini vurğulayıb ki, Azərbaycan xalqı var olduqca şəhidlərin xatirəsi daim əziz tutulacaq.
Sonra şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova çıxış edərək Azərbaycanın qalib olduğu haqq savaşında şəhidlərimizin unudulmaz fədakarlığından, qəhrəman övladının şücaətindən fəxarətlə bəhs edib, onunla bağlı xatirələrini danışıb. Qeyd edib ki, belə görüşlər şəhidlərimizin ruhuna ehtiramın, həmçinin yeniyetmə və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Təbriz Zeynalov çıxış edərək keçdiyi döyüş yolundan və Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından ətraflı danışıb.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Gimnaziyanın müəllimləri çıxış edərək şəhid ailələri ilə işin təşkili sahəsində və Naxçıvan şəhərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən bəhs ediblər.