27 Sentyabr – Anım Günü münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib

26 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən yarışda 10 komanda üzrə 40 nəfər şagird iştirak edərək bilik və zəka bacarıqlarını nümayiş etdiriblər.
"Nə? Harada? Nə zaman?" intellektual oyununun nəticələrinə əsasən 9 nömrəli tam orta məktəbin komandası I yerin, 14 nömrəli tam orta məktəbin komandası II yerin və 8 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olublar. Sonda qalib komandalar diplom, kubok və medallarla təltif edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, onların azadlıq və müstəqillik uğrunda göstərdikləri şücaəti gələcək nəsillərə aşılamaq məqsədilə təşkil olunmuşdur. Həmçinin keçirilən yarış gənc nəslin tariximizi unutmadan, milli ruhda formalaşmasına və intellektual inkişafına töhfə verib.