26 iyun tarixi Azərbaycan xalqı üçün xüsusi bir əhəmiyyət daşıyır. Bu gün təkcə hərb tariximizin mühüm səhifəsi deyil, həm də milli ruhun, qürurun və qəhrəmanlıq ənənələrinin təcəssümü, Vətənin müdafiəsi uğrunda canından keçməyə hazır olan igid əsgərlərimizə ehtiramın ifadəsi, xalqla ordu arasında qırılmaz birliyin simvoludur.
Ölkəmizin müdafiə gücünün rəmzi olan, Azərbaycan xalqına zəfər, qələbə sevinci bəxş edən silahlı qüvvələrimizin bu gün 107 yaşı tamam olur.
1918-ci il iyunun 26-da çətin tarixi şəraitdə yaradılan Azərbaycan ordusu ötən illərdə çox şərəfli və qürurlu bir yol qət edib. Milli ordunun yaradıldığı ilk illərdə Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçirmişdir. Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmiş, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişdir. Lakin, 1920-ci ilin 28 aprelində sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı.
Yalnız, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli ordu quruculuğunda əsaslı dönüş, hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
1993-cü ilin iyun ayında xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra milli ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ümummilli Liderin 22 may 1998-ci il Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.
Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də Azərbaycanda ordu quruculuğunu daim öz diqqətində saxlayır. Otuz ilə yaxın bir müddətdə ölkəmizin ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin həm ərazi bütövlüyü, həm də suverenliyi tam bərpa edildi.
Bu gün müasir orduya malik olan Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir və dövlət siyasəti xalq tərəfindən dəstəklənir, bu siyasətə böyük inam var. Hər bir Azərbaycan vətəndaşı kimi Naxçıvan şəhər sakinləri də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirirlər. Qəti əmindirlər ki, ordumuzun gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsi keçilməz olacaq, strateji məqsədimiz olan Zəngəzur dəhlizi açılacaqdır.
Bu tarixi gündə torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canlarından keçən silahlı qüvvələrimizin bütün əməkdaşlarına, şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı diləyirik.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycan ordusunun komandan və şəxsi heyətini, bütün əməkdaşlarını təbrik edir, onlara məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik!