25 oktyabr Qubadlı şəhəri günüdür

Hər anı Zəfərlə dolu Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdardır.
2020-ci ildə 44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı. Lakin, Qubadlını düşməndən təmizləmək heç də asan deyildi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, ətraf yüksəkliklərdə hərbi birləşmələri yerləşdirmişdilər. Qubadlı uğrunda ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazı düzü yüksəkliyi oldu. Strateji əhəmiyyətə malik həmin yüksəkliyin düşməndən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalmışdır.
Bütün bu çətinliklərə baxmayaraq rəşadətli ordumuzun igid oğullarının yüksək peşəkarlıqla apardığı hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi. Qubadlının azad olunması ilə Vətən müharibəsində Azərbaycan Ordusu strateji əhəmiyyətli uğur qazandı. Belə ki, bu əməliyyat nəticəsində ordumuz ovaxtkı Laçın dəhlizi istiqamətində irəliləməyə başladı, həmçinin Gorus-Qafan yoluna nəzarət ələ alındı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldarkən bu barədə demişdir: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
İşğaldan azad olunmuş digər şəhər və rayonlarımızda olduğu kimi bu gün Qubadlıda da yeni həyat başlanır, rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər görülür. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur.
Rayon mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur.
Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 sentyabr 2025-ci il tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qarşıdakı illərdə Qubadlıda 14 min nəfər əhalinin məskunlaşması, müasir və ənənəvi elementlərin vəhdətindən istifadə edilərək ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişaf etdirilməsi, yaşıl şəhərin yaradılması nəzərdə tutulur.
Bir sözlə uzun illər sonra öz dogma torpağına qayıdan insanlar üçün müasir infrastruktur qurulur, sosial obyektlər inşa edilir, modern şəhər və kəndlər salınır.
Bu gün Qubadlı həm azadlığın, həm dirçəlişin, həm də milli iradənin rəmzidir. 25 oktyabr isə Qubadlının və bütövlükdə Azərbaycanın müzəffər tarixi, xalqımızın qəhrəmanlıq ruhunun və dövlətimizin sarsılmaz gücünün parlaq təcəssümüdür.
Qubadlı şəhəri günü münasibətilə bütün Qubadlılıları və xalqımızı təbrik edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik.