23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb, Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi, Qaraçuq kənd klubu və kitabxanasının birgə iştirakı ilə 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə çıxış edənlər bu əlamətdar günün yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi 1995-ci ildə Paris şəhərində UNESCO-nun Baş konfransında təsis edilib və 1996-cı ildən etibarən bütün dünyada qeyd olunur.Qeyd olunub ki, bu günün keçirilməsində əsas məqsəd kitabın bəşəriyyətin mənəvi sərvəti kimi rolunu ön plana çıxarmaq, kitabların keçmişlə gələcək arasında mühüm körpü olduğunu bir daha diqqətə çatdırmaq, müəlliflik hüquqlarının qorunmasının vacibliyini təbliğ etməkdir. Eyni zamanda, gənc nəslin mütaliəyə marağının artırılması, onların zəngin ədəbi irsə hörmət ruhunda formalaşdırılması da əsas hədəflərdəndir.Çıxışlarda vurğulanıb ki, kitab insanın dünyagörüşünün formalaşmasında, mənəvi inkişafında və bilik səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq, kitab öz dəyərini qoruyub saxlayır və cəmiyyətin tərəqqisində mühüm vasitə olaraq qalır.Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda mütaliənin əhəmiyyəti, kitab sevgisinin aşılanması və oxu mədəniyyətinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.