“20 Yanvar: Tarixi həqiqətlər və milli yaddaş” mövzusunda dəyirmi masa keçirilib

16 yanvar 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar: Tarixi həqiqətlər və milli yaddaş” mövzusunda  dəyirmi masa keçirilib.
Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Məktəbin direktoru Fərqanə Əliyeva giriş sözü ilə çıxış edərək faciənin xalqımıza qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək faciənin 36-cı ildönümü ilə əlaqədar Naxçıvan şəhərində keçirilən tədbirlər haqqında məlumat verib, 20 Yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsindəki mühüm əhəmiyyətindən və bu gün ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək, xalqımızın hər zaman müstəqilliyi, azadlığı uğrunda mübarizə apardığını, bu yolda qurbanlar versə də, düşmənə heç vaxt boyun əymədiyini bildirib.
Ali Məclisin deputatı qeyd edib ki, həmin faciəli günlərdə ilk olaraq xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Rəhimə Rəhimova çıxış edərək ümumtəhsil məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar keçirilən tədbirlər və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən bəhs edib.