“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda tədbir keçirilib.

“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 13-16 yanvar tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və körpələr evi – uşaq bağçalarında qrafik əsasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu qrafikə əsasən ilk tədbir yanvarın 13-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 nömrəli körpələr evi – uşaq bağçasında keçirilib. 

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, bağçanın tərbiyəçiləri və uşaqları iştirak ediblər. 

1 nömrəli körpələr evi – uşaq bağçasının müdiri Fərizə Salahlı giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. Daha sonra “20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda çıxışlar dinlənilib. 

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Həmin gecədə həlak olan vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsidir. Elə buna görə 20 Yanvar hər il təkcə Ümumxalq Hüzn Günü kimi deyil, həm də qəhrəmanlıq, milli qürur, məğrurluq günü kimi də qeyd olunur.

Çıxışlar dinlənildikdən sonra 1 nömrəli körpələr evi – uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib və səhnəciklər göstərilib, şəhidlərin xatirələri anılıb. 

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkili çəkdirilib.