“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 9 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 13-16 yanvar tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və körpələr evi – uşaq bağçalarında qrafik əsasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Qaraçuq Kənd Mədəniyyət evi və Qaraçuq Kənd Kitabxana Filialı və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər barədə danışıblar. Bildirilib ki, faciə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Şəhidlərimizin keçdiyi şərəfli yol hər birimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.

Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda və faciəyə həsr olunmuş şeir və nəğmələr, kompozisiya nümayiş olunub.