“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 6 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər faciə barədə ətraflı məlumat verib, tədbirin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, xalqımız 20 Yanvarda şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixini yaratdı. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.

Sonra şagirdlər vətənpərvərlik mövzusunda və faciəyə həsr olunmuş şeirlər, nəğmələr ifa ediblər, məktəbin müəllimləri tərəfindən hazırlanmış filmə baxış olub.