“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

“20 Yanvar - Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda 13-16 yanvar tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və körpələr evi – uşaq bağçalarında qrafik əsasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu qrafikə əsasən  yanvarın 13-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib. 

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. 

2 nömrəli tam orta məktəbin müdiri Gülsarə Süleymanova giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. Daha sonra “20 Yanvar Qəhrəmanlıq və Qürur günümüzdür” mövzusunda çıxışlar dinlənilib. 

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən artıq 35 il ötür. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur və hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir. Xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Çıxışlar dinlənildikdən sonra 2 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib, kompozisiyalar göstərilib, şəhidlərin xatirələri anılıb.