20 Yanvar: Azərbaycanın müstəqillik yolundakı qəhrəmanlıq zirvəsi

Azərbaycan xalqının milli mübarizə tarixi elə səhifələrlə zəngindir ki, həmin günlər zamanın yaddaşına adi tarix kimi deyil, taleyüklü hadisələr kimi həkk olunub. Bu hadisələri tariximizin ən şərəfli məqamına çevirən əsas amil isə xalqın sarsılmaz iradəsi, ümumxalq birliyi və milli ideallar naminə yekdil mövqeyidir. Belə müqəddəs və unudulmaz günlərdən biri də 1990-cı ilin 20 Yanvar tarixidir.
36 il bundan öncə yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Bu mənfur əməliyyata rəhbərliyi SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.
Faciə nəticəsində 147 nəfər Azərbaycanlı amansızlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Yanvarın 21-də şəhidlər 1 milyondan çox insanın iştirakı ilə paytaxt Bakının ən uca məkanında, Şəhidlər Xiyabanında dəfn edildilər. Beləliklə, azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə qəhrəmanlıq salnaməmizdə yeni parlaq səhifə yazdılar. Bu gün bu müqəddəs məkan xalqımızın ən ali ziyarətgahlarından biridir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin azadlıq və müstəqillik uğrundakı misilsiz fədakarlığı bu qanlı faciəni tariximizin qəhrəmanlıq dastanına çevirdi, xalqın iradəsini daha da möhkəmləndirdi. Məhz bu səbəbdən biz 20 Yanvarı yalnız matəm günü kimi deyil, xalqın öz gücünü dərk etdiyi, azadlıq yolunda qalibiyyətə inamını təsdiqlədiyi müqəddəs bir gün kimi qeyd edirik.
Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.