Azərbaycan xalqının sarsılmaz iradəsini təcəssüm etdirən Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsi olan Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən təsis olunub.
Sərəncamda qeyd edilir ki: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.”
44 günlük Vətən müharibəsindən Zəfərlə çıxmış şanlı Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat davam etmiş antiterror əməliyyatında qazanılan Qələbə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə nəticələndi və qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa etdi, hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
Xalqımızın həyatında böyük əhəmiyyət kəsb edən bu şanlı Zəfər sayəsində bu gün ay-ulduzlu, üçrəngli bayrağımız əbədi olaraq bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Bu tarixi nailiyyətlərin davamı olaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması isə suverenliyin yalnız tarixi və hərbi deyil, həm də hüquqi, siyasi və mənəvi aspektlərinin möhkəmləndirilməsinə xidmət edir. “Konstitusiya və Suverenlik İli” müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var.
Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki, digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycan tam suveren bir dövlətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, sərhədlərin toxunulmazlığı və daxili sabitliyin güclənməsi respublikamızın gələcək inkişafına əlavə stimul verir. Dövlət Suverenliyi Günü isə həm bu tarixi proseslərin təntənəsi, həm də gələcək nəsillərə ötürüləcək ən ali milli dəyərdir.
Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edirik.
Yaşasın müstəqil, suveren, qüdrətli Azərbaycan!