Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 Oktyabr - Ümumdünya Zorakılığa Qarşı Mübarizə Günü” ilə əlaqədar Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər zorakılığın qarşısının alınması, eləcə də belə hallarla qarşılaşdıqda düzgün davranışın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Çıxışlarda zorakılığın insan hüquq və azadlıqlarına, cəmiyyətin mənəvi dəyərlərinə və sağlam sosial münasibətlərə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, zorakılığın qarşısının alınmasında erkən maarifləndirmə, qarşılıqlı hörmət və sağlam ünsiyyət mühüm əhəmiyyət daşıyır. Xüsusilə məktəblərdə şagirdlər arasında anlayış, dözümlülük və həmrəylik mühitinin formalaşdırılması zorakılıq hallarının qarşısının alınmasına mühüm töhfə verir.
Vurğulanıb ki, zorakılığa qarşı mübarizə yalnız ayrı-ayrı qurumların deyil, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Bu istiqamətdə davamlı maarifləndirmə və birgə fəaliyyət təhlükəsiz və sağlam sosial mühitin formalaşdırılmasına xidmət edir.