Bu tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral - Azərbaycan Gəncləri Günü elan olunmuşdur. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.
Gənclər Günü dövlətimizin gənclərə veridiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Ötən dövrdə ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və gənclərin sosial - iqtisadi problemlərinin həllinə, asudə vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət Proqramları qəbul olunaraq uğurla icra edilmişdir.
Azərbaycan gəncləri bu diqqət və qayğını yüksək dəyərləndirməklə, öz məsuliyyətini dərk edir və respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.
Bu gün Azərbaycan dünyada gənclər siyasəti sahəsində ən qabaqcıl ölkələrdəndir. Respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, gənclərimizin, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan idmançıların layiqincə qiymətləndirilməsi isə gəncləri yeni uğurlara həvəsləndirir.
Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gənclər Günü münasibətilə təşkil olunan respublika toplantılarında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqəti, müxtəlif sahələrdə uğur qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi onlara daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, əsl bayram sevinci yaşadır.
Bu gün biz Gənclər Gününü qeyd etməklə yalnız gənclərin nailiyyətlərini deyil, həm də gələcəyə inamımızı ifadə edirik. Gənclərin gücünə, iradəsinə və liderlik qabiliyyətinə inanaraq cəmiyyətin inkişafında daha fəal iştirak etməyə təşviq etmək isə hər birimizin məsuliyyətidir. Əminik ki, Azərbaycan gəncləri onlara göstərilən etimadı hər zaman layiqincə doğruldacaqdır.