2 Fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd olunur

Hər il fevral ayının 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində artan rolunu, dövlət quruculuğunda fəal iştirakını və ölkənin gələcək inkişafında aparıcı qüvvə olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Gəncləri Gününün təsis olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumu ölkədə gənclər siyasətinin əsaslarının formalaşdırılmasında mühüm mərhələ olmuşdur. Gənclərin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Həmin Forumun nəticəsi olaraq, 1997-ci ildə imzalanmış sərəncamla 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bugün ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradır. Bu münasibətlə Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Müvafiq Sərəncamla “Tədbirlər planı” təsdiq edilmiş və respublikanın şəhər, rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulmuşdur. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılmışdır.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olmuşdur. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Gənclərin inkişafı, ictimai-siyasi həyatda və dövlət idarəçiliyində rolunun artırılması yönündə həyata keçirilən tədbirlərdən biri də Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsidir. Müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Azərbaycan xalqı ötən il iki mühüm tarixi hadisənin, Konstitusiyanın qəbulunun 30 ilini və Vətən müharibəsində qazanılmış şanlı qələbənin 5 ilini təntənəli şəkildə qeyd etdi. Prezident İlham Əliyev tərəfindən bu münasibətlə “Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilmişdir. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, o cümlədən şəhid və qazi övladları üçün keçirilən proqramlara yüzlərlə gənc cəlb olunmuşdur.
Həmçinin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq respublikanın bütün bölgələrində gənclərin iştirakı ilə müxtəlif mövzularda çoxsaylı tədbirlər, forumlar təşkil olunmuşdur ki, bu da Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və fəal vətəndaş mövqeyinin təşviqinə xidmət etmişdir.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin uğurlarının qeyd edildiyi, onların gələcək hədəflərinə stimul verən əlamətdar bir gündür. Bu gün eyni zamanda gənclərin məsuliyyətini artırır, onları ölkənin inkişafı naminə daha böyük təşəbbüslərə səsləyir.
Əminliklə demək olar ki, bilikli, yaradıcı və vətənpərvər Azərbaycan gəncliyi dövlətimizin etibarlı dayağı, müstəqilliyimizin və davamlı inkişafımızın əsas təminatıdır.