17 oktyabr - Füzuli şəhəri günüdür

Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin işğaldan azad edildiyi gün kimi yazıldı.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Füzuli 1993-cü ilin avqust ayında erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 28 illik işğal dövründə düşmən Füzulidə minlərlə ev, məktəb, xəstəxana, tarixi abidə və məscidləri dağıtmış, təhqir etmiş, rayonun 50 mindən çox sakini dogma yurd-yuvasından didərgin düşmüşdü. Ermənistan silahlı qüvvələri təmas xəttində ən möhkəm istehkamları da məhz Füzulidə qurmuşdu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Silahlı Qüvvələrinin böyük şücaəti nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi olan Füzulinin azad edilməsi həm işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi, həm də Azərbaycan Ordusunun Şuşaya və işğal altında olan digər torpaqlara doğru Böyük Zəfər yürüşünün yeni mərhələsinin başlanğıcı oldu.
Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edən şəxslərin qəhrəmanlığını daim yüksək qiymətləndirmişdir. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu gün Füzuli rayonunda da uğrula icra olunur. Füzuli yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.
Füzulidə müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində də nəhəng layihələr reallaşdırılır. Bu günədək Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir.
Rayonda sosial infrastrukturun qurulmasında Qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır. Bu baxımdan Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi Türk dünyasında həmrəyliyin parlaq nümunələridir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində xalqımız əmindir ki, yaxın vaxtlarda azad Qarabağ regionun ən inkişaf etmiş bölgəsi, Füzuli isə ən müasir, ən gözəl şəhərlərdən birinə çevriləcək.
Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq.
Böyük Zəfərin müjdəçisi, Füzuli şəhəri günü mübarək olsun!