15 oktyabr - Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirlib.

Oktyabr ayı dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliknlinikası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Erkən müayinə həyatınızı xilas edir!” mövzusunda tədbir keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar iştirak edib.

Tədbirdə çıxış edən İcra hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, onkoloji qadın xəstəlikləri sırasında süd vəzi xərçəngi birinci yeri tutur. Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən oktyabr ayı hər il ölkəmizdə də qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Aylığın keçirilməsində məqsəd qadınlara süd vəzi xərçəngi barədə geniş məlumat vermək, erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini onlara çatdırmaqdır.

Sonra Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinkası publik hüquqi şəxsin baş həkimi Ləman İbrahimova və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Kliniki fənlər və hərbi tibb kafedrasının müdiri, dosent Gültəkin Əliyeva çıxış edərək bildiriblər ki, süd vəzi xərçənginin yaranma səbəbi məlum olmasa da, xeyli sayda risk faktoru mövcuddur. Bu zaman fərdi səbəblər, genetik və ətraf mühit faktorları rol oynayır. Onun əmələ gəlməsində genetik faktorlar, hormonal pozulmalar, gənc anaların körpələrə süd verməkdən imtina etməsi, travmalar və s. əsas səbəblər kimi göstərilir.

Qeyd edilib ki, ilkin mərhələdə diaqnoz qoyulan xəstəliklərin 80 faizindən çoxu uğurla müalicə olunur. İldə cəmi bir dəfə müayinədən keçməklə hər bir xanım özünü süd vəzi xərçəngindən qorumuş olur.

Tədbirdə iştirakçılara süd vəzi xərçəngi ilə mübarizənin rəmzi olan çəhrayı lentlər paylanıb.