İyunun 11-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elnur İbrahimli, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Günay Canməmmədova və Qaraçuq kənd Mədəniyyət Evinin əməkdaşı Nəzakət Həsənova çıxış edərək böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Günün tarixinə nəzər salıblar.
Bildirilib ki, 15 iyun 1993-cü il xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin gündən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Bu gün Ulu Öndərin həm daxili, həm də xarici siyasəti Müzəffər Ali Baş Komandan, tarix yazan Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, hazırda bütün istiqamətlərdə həyata keçirilən “Böyük Qayıdış” siyasəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bu kimi mühüm layihələr Azərbaycanı nəinki regionun, hətta dünyanın güclü və sayılan dövlətləri sırasına daxil edib.
Sonra Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən kompozisiya təqdim edilib. Şagirdlər ifa etdikləri mahnı və şeirlərlə vətənimiz Azərbaycana və Ulu Öndər Heydər Əliyevə öz məhəbbətlərini ifadə ediblər.