15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu münasibətlə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev müstəqilliyimizin ən ağır vaxtlarında Azərbaycanı nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin edib. Bu tarixi gün hər il xalqımız tərəfindən böyük sevinclə qarşılanır, qürurla qeyd olunur.

Qeyd edilib ki, müasir, müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi unudulmaz tarixdir. Xalqımız var olduqca onun yaddaşında Ümummilli Lider əbədi var olacaq, Ulu Öndərin Azərbaycan qarşısındakı müstəsna xidmətləri daim hörmətlə anılacaqdır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müasir tariximizin son dərəcə ağır və mürəkkəb dövründə Moskvadan doğma Naxçıvana qayıdışı dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu qayıdışın obyektiv tarixi zərurət olduğunu 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Ulu Öndərin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi tarixi qərarlar da təsdiqlədi. 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ali Məclisin Sədri seçilən Ümummilli Liderin siyasi fəaliyyəti bilavasitə müstəqilliyimizin qorunması və əbədiləşdirilməsi mərhələsinə çevrildi. Məhz buna görə xalqımız 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyinin sükanını yenidən dahi şəxsiyyətə etibar etdi.

“Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən unudulmaz tarix” mövzusunda çıxış edən Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva bildirib ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

Tədbirin davamında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.