Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Onun formalaşmasında atasının zəngin həyat yolu və ictimai fəaliyyəti mühüm rol oynamış, bu, gələcəkdə onun şəxsiyyət kimi yetkinləşməsinə ciddi təsir göstərmişdir.
O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilədək böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.
Akademik Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil edir. O, oftalmologiyanın aktual problemlərinə həsr olunmuş fundamental tədqiqatlar aparmış, dəyərli elmi əsərlərin müəllifi kimi tanınmışdır. Xüsusilə qeyd edilməlidir ki, Zərifə xanım dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, bununla da oftalmologiyada yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur.
1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmiş, oftalmologiya sahəsində ən nüfuzlu mükafatlardan biri olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim kimi tarixə düşmüşdür.
Zərifə Əliyeva yalnız görkəmli alim deyil, həm də fəal ictimai xadim kimi tanınmışdır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyətinin və Oftalmoloqlar Elmi Cəmiyyətinin rəhbər orqanlarında təmsil olunmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın həyat fəlsəfəsi onun yüksək humanist dəyərlərə sadiqliyini aydın şəkildə əks etdirirdi. O hesab edirdi ki, əsl həkim xəstənin ağrısını öz ağrısı kimi qəbul etməli, hər bir müraciətə həm peşə borcu, həm də vicdani məsuliyyət prizmasından yanaşmalıdır.
Zərifə xanım müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır. Ailə dəyərlərinə sadiqliyi ilə nümunə göstərmiş Akademik Zərifə Əliyeva həm də ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Akademik Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. 1994-cü ildə Zərifə xanımın nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Onun əziz xatirəsi Azərbaycan dövləti və xalqı tərəfindən daim uca tutulur. Bakıda yerləşən Milli Oftalmologiya Mərkəzi, müxtəlif səhiyyə müəssisələri, Naxçıvan Şəhər Poliklinikası, təhsil ocaqları və küçələr onun adını daşıyır. Paytaxtda və Naxçıvanda onun xatirəsinə ucaldılmış abidələr, o cümlədən Fəxri xiyabandakı məzarı üzərindəki heykəl onun xidmətlərinin əbədiləşdirilməsinin bariz nümunəsidir.
Akademik Zərifə Əliyevanın mənalı ömür yolu, elmi irsi və yüksək mənəvi keyfiyyətləri bu gün də Azərbaycan cəmiyyətində vətənpərvərlik, humanizm və ziyalılıq nümunəsi kimi yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.