14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı

1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub: Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib.
Müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını  yüksək səviyyədə təmin edən Ulu Öndər Heydər Əliyev eyni zamanda onun xalqa, əhalinin rifahına böyük qayğısından irəli gələn və daim güclənən dayanıqlı sosial müdafiə sistemini formalaşdırdı. 
Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, qələbələrə imza atıb. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük qısa bir dövr ərzində Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini azad edib, xalqımızın 30 illik həsrətinə  son qoyulub. 2003-cü ildən milli iqtisadiyyatın 3,4 dəfə artımına nail olunaraq, eyni zamanda sosial inkişaf istiqamətində  böyük irəliləyişlər əldə edilib. 
Qalib Azərbaycanın bütün sahələrdə əldə etdiyi tarixi nailiyyətlər, qələbələr Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən müdrik və uzaqgörən milli inkişaf strategiyasının uğurlarıdır. Ulu Öndərimizin həmişəyaşar ideyalarının işığında ölkəmiz öz böyük gələcəyinə doğru daim inamla irəliləyəcəkdir.