12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş, noyabrın 27-də qüvvəyə minmişdir.
Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Konstitusiya müstəqil dövlət quruculuğunun möhkəm hüquqi əsasını yaratmış, ölkəmizin demokratik inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına etibarlı təminat olmuşdur.
Əsas Qanunumuzda dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, qanunun aliliyi və vətəndaşların bərabər hüquqları əsas prinsiplər kimi təsbit edilmişdir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olunmuşdur.
Bu gün Konstitusiyamız müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və demokratik inkişafına xidmət edən ali hüquqi sənəd kimi mühüm əhəmiyyət daşıyır.
12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edirik!