12 iyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq Naxçıvan şəhərində monitorinqlər keçirilib

12 iyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 11 və 12 iyun tarixlərində Naxçıvan şəhərində uşaq əməyinə qarşı monitorinqlər aparılıb.
Monitorinqlər Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Naxçıvan Şəhər Polis İdarəsi, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Saat 10:00-dan etibarən Naxçıvan şəhəri ərazisində yerləşən bir sıra ictimai iaşə obyektlərində, “Cahan Ticarət Mərkəzi”ndə və “Mərkəzi Bazar”da uşaq əməyindən istifadə hallarının aşkarlanması məqsədilə yerində baxış keçirilib.
Eyni zamanda, maarifləndirmə məqsədilə hazırlanmış təbliğat vərəqələri, broşürlər Könüllülərin iştirakı ilə vətəndaşlara paylanılıb, uşaq əməyinin zərərləri və qarşısının alınması ilə bağlı məlumatlandırma aparılıb.
Monitorinq zamanı “Cahan Ticarət Mərkəzi” ərazisində əmək fəaliyyətinə cəlb olunmuş 4 uşaq aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, həmin uşaqların yaşayış və təhsil ünvanları Naxçıvan şəhərinin inzibati ərazisinə daxil deyil. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yazılı şəkildə məlumat təqdim olunub.
Bu kimi tədbirlər uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması istiqamətində görülən işlərin davamı olaraq həyata keçirilir.
Qeyd edək ki, monitorinqlər Komissiya tərəfindən mütəmadi olaraq təşkil olunur.