10 nömrəli tam orta məktəbdə altı sinif otağına şəhidlərimizin adı verilib.

Yanvarın 18-də 10 nömrəli tam orta məktəbdə şəhid Vəli Quliyevin, Pərviz Məmmədzadənin, İslam Eyvazovun, Elçin İbrahimlinin, Səbuhi Tağıyevin, Hafiz Qasımovun adına verilən sinif otaqlarının açılışı olub. Açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və digər çıxış edənlər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 gün ərzində torpaqlarımızı düşmən işğalından azad etməsindən, şəhidlərimizin şücaətindən və qəhrəmanlığından danışıblar. 

Vurğulanıb ki, 30 il öz doğma yurd-yuvalarına həsrət qalan soydaşlarımız bu gün öz torpaqlarına qayıdırlar. Artıq həmin torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır, təhsil, səhiyyə, mədəniyyət ocaqları, inzibati binalar tikilir, tarixi abidələrimiz bərpa olunur. Torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəman şəhidlərimizin xatirəsi dövlətimiz tərəfindən hər zaman anılır, şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. 

Şəhid Vəli Quliyevin atası Kamal Quliyev, Hafiz Qasımovun atası Cavanşir Qasımov, İslam Eyvazovun anası Aytən Eyvazova, İbrahimli Elçinin babası Fəxrəddin İbrahimov, Səbuhi Tağıyevin anası Ceyhunə Tağıyeva, Məmmədzadə Pərvizin anası Pərvanə Cəfərova övladlarının qəhrəmanlıqları ilə qürur duyduqlarını və fəxr etdiklərini vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. 

Sonda şagirdlərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib.

 Tədbirdən sonra şəhid ailələrinin iştirakı ilə şəhid adları verilmiş sinif otaqlarının  açılışı olub və sonda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.